Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan “Medialab” platformasında “Avropa İttifaqına üzvlük illüziyası” adlı geniş məqalə dərc etdirib. O, yazısında İrəvanın Avropaya inteqrasiya istiqamətində tələsik siyasətini tənqid edib.
Ermənistan KİV-i yazır ki. Armen Qriqoryanın sözügedən məqaləsi erməni cəmiyyətində təəccüblə qarşılanıb. İndi hamı dünənə kimi Paşinyanın komandasında olmuş Qriqoryanın niyə belə çıxış etdiyinə cavab axtarır.
Armen Qriqoryanın “Aİ-yə üzvlük illüziyası” adlı məqaləsi ölkənin siyasi və politoloji dairələrində geniş müzakirələrə səbəb olub.
A.Qriqoryan məqalədə qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlük perspektivi cəlbedici görünsə də, ölkənin hazırkı siyasi, coğrafi və iqtisadi reallıqlarına uyğun gəlmir.
O hesab edir ki, hazırkı mərhələdə əlçatmaz olan bu məqsədə can atmaq Ermənistanın Rusiyadan asılılığını azaltmır, əksinə, Moskvanın sərt reaksiyasına səbəb olmaqla həmin asılılığı daha da gücləndirir.
A.Qriqoryan məqaləsində Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun təşəbbüskarlarını – anti-Rusiya mövqeyi ilə tanınan Qərbyönümlü qüvvələri kifayət qədər açıq şəkildə tənqid edir.
Bəzi dairələr Armen Qriqoryanın belə mövqe sərgiləməsini təəccüblə qarşılayıblar. Çünki son illərdə Ermənistanın xarici siyasətinin formalaşdırılmasında və ölkənin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun qəbulunda Armen Qriqoryanın da birbaşa iştirakı olub.
Bu səbəbdən belə bir sual ortaya çıxıb: Qriqoryan həmin dövrdə niyə bu fikirləri səsləndirməyib və qanunun qəbulunun qarşısını almağa çalışmayıb?
Digər tərəfdən, bəzi siyasi dairələr onun müəyyən mərkəzlər tərəfindən gələcək seçkilərdə Paşinyana qarşı müxalifət fiquru kimi hazırlanmağa çalışıldığını düşünürlər.
Onu tənqid edənlər isə bildirirlər ki, Qriqoryan Paşinyanı Ermənistanın Qarabağı itirdiyi dövrdə tənqid etməli idi. Qeyd olunur ki, Armen Qriqoryan Azərbaycanın Qarabağ bölgəsinin Martuni rayonunda doğulub, orada böyüyüb. Hətta hakimiyyət dəyişikliyindən sonra toyunu da Şuşada keçirib. Amma Qarabağın itirilməsini səssizcə, soyuqqanlıqla kənardan izləyib.
Ermənistan KİV-i yazır ki, siyasi dairələrdə Armen Qriqoryanın yaxın vaxtlarda müxalifət sıralarına qoşulacağı barədə fikirlər dolaşır. İddialara görə, Qərb Nikol Paşinyana və onun hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevirmək məqsədilə Qriqoryana ümid bəsləyir.
Məlumata görə, Armen Qriqoryanın 2018-ci il inqilabının fəal iştirakçılarından olmuş “Restart” hərəkatının sıralarına qoşulacağı gözlənilir. Hakimiyyət dəyişikliyindən sonra ictimai-siyasi səhnədən uzaqlaşan hərəkatın Nikol Paşinyandan incik olduğu bildirilir.
Qeyd edək ki, Armen Qriqoryan 2018-2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. O, həmçinin 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnən “məxməri inqilab”ın əsas simalarından biri olub.
3 dəqiqə