XƏBƏRLƏR / Yaddaş

Ermənistandan son deportasiyada neçə azərbaycanlı öldürülüb?

Bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov məlumat verib

Ermənistandan son deportasiyada neçə azərbaycanlı öldürülüb?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 1987-1991-ci illər arasında Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı öldürülüb, 6522 nəfər qurban kimi tanınıb.

    Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda keçirilən dinləmələrdə deyib.

    Onun sözlərinə görə, istintaq çərçivəsində qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq dörd zaman dövrünə - 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illər dövrünə bölünür. Məmmədov qeyd edib ki, bu dövrlərdə çoxlu sayda azərbaycanlı öldürülüb və məcburi köçürülməyə məruz qalıb.

    Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən çox qərbi azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb.

    “İstintaq materiallarında o da müəyyən edilib ki, bu müddət ərzində 216 nəfər həlak olub, 6522 nəfər zərərçəkmiş kimi tanınıb.

    Baş Prokurorluğun nümayəndəsi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin araşdırılmasında mühüm məqamlardan biri də sübutların toplanmasıdır.

    “İndiki mərhələdə biz bu cinayətlərin törədilməsini təsdiq edən etibarlı sübutları vahid mərkəzdə - cinayət işinin materiallarında toplamağa çalışırıq. Eyni zamanda, beynəlxalq hüquqi yardım üçün müxtəlif xarici ölkələrə müraciətlər göndərilib və bir sıra hallarda lazımi sənədlər qəbul edilib”, - Məmmədov bildirib.