Ermənistanın Müdafiə Nazirliyi növbəti dəfə biabır oldu
Azərbaycan Müdafiə Nazirliyinin məlumatını Avropa İttifaqı Müşahidə Missiyası (AİMM) özü təsdiq etdi
Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır.
Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür.
Ən maraqlısı budur ki, Avropa İttifaqının müşahidəçilərinin özləri bu erməni sayaqlamasını Twitter hesabında təkzib edir:
"Heç bir AİMM patrulu atışma hədəfi olmayıb.
Biz Ermənistan-Azərbaycan sərhəd bölgələrində patrul xidməti həyata keçiririk və Brüsselə hərbi inkişaflar, o cümlədən məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk."