Gümrünün meri xüsusi təyinatlılar tərəfindən həbs edilib
Ermənistanın ikinci böyük şəhərində mer tərəfdarlarının polislə toqquşmaları davam edir VİDEO/FOTO/YENILƏNİB
16:55
Gümrü meriyası administrasiyası müddətsiz tətil elan edib və vətəndaşları merinə dəstək vermək üçün İrəvana yürüş etməyə çağırır.
Etirazçılar arasında təxribatla məşğul olan Samvel Karapetyanın ("Taşir Samo") nümayəndəsi Ruben Mxitaryan saxlanılıb.
Gümrüdə baş verən hadisələr zamanı 23 nəfər saxlanılaraq yerli polis bölməsinə aparılıb.
Şəhərin baş memarı Henrik Qasparyan da həbs edilib. O və Gümrü şəhərinin meri Vardan Qukasyan 10 000 ABŞ dolları məbləğində rüşvət almaqda ittiham olunur.
***
15:14
Gümrü meri Vardan Qukasyan çox sayda xüsusi təyinatlının müşayiəti ilə bələdiyyə binasından çıxarılıb.
Ermənistan mediası xəbər verir ki, Qukasyan naməlum istiqamətə aparılıb.
Bu gün səhər saatlarında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb ki, mer Qukasyan və bələdiyyənin baş memarı rüşvət almaqda ittiham olunurlar. Komitənin məlumatına görə, onlar şəhərdə qanunsuz tikili saxlamaq müqabilində təxminən 10 min dollar tələb ediblər.
***
15:05
Gümrü meriyasının qarşısında vəziyyət kəskin şəkildə gərginləşib. Böyük polis qüvvəsi yerləşdirilib. Mer Vardan Qukasyana dəstək üçün toplaşan polislə vətəndaşlar arasında toqquşma baş verib.
Polis vətəndaşları saxlamağa başlayıb.
Dava nəticəsində jurnalistlər öz peşə vəzifələrini yerinə yetirə, baş verənlər barədə məlumat verə bilmirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarından Meriyanın arxa hissəsinə girişi bağlayıb, heç kimin içəri girməsinə icazə vermirlər. Binanın qarşısına toplaşan vətəndaşlar fit çalaraq “Ayıb olsun” şüarları səsləndirirlər.
Meriya əməkdaşlarının sözlərinə görə, mer Vardan Qukasyan binanın içərisindədir. O, mahiyyətcə təcrid olunub, saxlanılıb və tezliklə binadan çıxarılacağı gözlənilir.