Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı və düzgün saxlanma şəraitindən asılıdır. Bu tələblərə əməl edilmədikdə, xüsusilə ət, balıq, tərəvəz, göbələk və digər azturşulu məhsullarda botulizm də daxil olmaqla qida zəhərlənmələri riski yarana bilər.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, konserv məhsulları alınarkən qablaşdırmanın bütövlüyünə və qapağın vəziyyətinə diqqət yetirilməlidir. Qapağı şişmiş, qablaşdırması zədələnmiş, sızma olan, həmçinin rəngində, qoxusunda və görünüşündə dəyişiklik müşahidə edilən məhsullar istehlak edilməməlidir. Məhsulun xarici görünüşünün normal olması isə onun təhlükəsizliyinə tam zəmanət vermir.
Satışa təqdim olunan ev üsulu konserv məhsulları barədə hazırlanma tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi zəruri məlumatlar təqdim edilməlidir. Mənşəyi və saxlanma şəraiti məlum olmayan, qablaşdırılması şübhə doğuran məhsulların alınmasından çəkinmək tövsiyə olunur.
VİDEO
“Təhlükəsizliyi ilə bağlı şübhə yaranan konserv məhsullarını istehlak etməyin. Şübhəli hallarla qarşılaşdıqda AQTA-nın “1003 Çağrı Mərkəzi”nə müraciət edin”, - deyə məlumatda vurğulanıb.
1 dəqiqə