Fərhad və Şirin, yaxud mat qalmış şahlar
Azərbaycanın görkəmli musiqiçisi, pianoçu Fərhad Bədəlbəylinin son çıxışı barədə...
Böyük pianoçu olmaq böyük bir zəhmətin nəticəsidir. Bəzən bir insan fortepianonun 88 dillə danışan klaviaturasını mükəmməl tanıyır, məharətlə, quş lələyi tək barmaqları ilə onlara toxunaraq və ya çəkic biləkləri ilə üzərinə hücum edərək fikir və emosiyalarını elə ifa edir ki, böyük bir toplular, millətlər, xalqlar feyziyab olur. Lakin yaradıcılığın klaviaturası ilə diplomatiya dili çox vaxt unison səslənmir. Burada "Do major" çox vaxt "Do minor" və ya "Fors major" ola bilər.
Azərbaycanın görkəmli musiqiçisi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin son çıxışı məndə məhz belə bir təəssürat yaratdı. Fərhad müəllimi şəxsən tanıyıram. Onun sənətinə hörmətim var və şəxsi, on illərlə hesablanan dostluğum var. Şuşaya bağlılığını da bilirəm. Elə buna görə çıxışını təəssüflə qarşıladım.
“İstanbula getmədi şah, Şuşaya gəldi mat. Bu böyük siyasətdir”, — deyir Fərhad müəllim.
Maestronun ifa etmək istədiyi siyasi partituranı anlayıram, amma onun diplomatik harmoniyasını tapa bilmirəm. İlk növbədə bir düzəliş edim - Sammit İstanbulda yox, Ankarada keçirilib. Amma, məncə, əsas problem coğrafiyada deyil, düşüncədədir. Şahmatda bir tərəfin qələbəsi digərinin birmənalı şəkildə məğlubiyyəti deməkdir. Diplomatiyada isə belə deyil, xüsusən müttəfiq dövlətlərin münasibətlərində hər iki tərəfin qazandığı gedişlər daha qiymətlidir. Əgər Türkiyə Prezidentinin Şuşaya gəlməsi “mat” idisə, bəs Azərbaycan Prezidentinin iki gün sonra Türkiyəyə səfəri nə idi? Şahmatda revanş? Yoxsa növbəti partiya? Əslində, heç biri.
Şuşada iki prezidentin verdiyi mesaj qələbə və ya məğlubiyyət haqqında deyildi. Həmrəylik, qarşılıqlı hörmət, böyüklük və qardaşlıq haqqında idi. Fərhad müəllimin dövlət başçısını tərifləməyi qəbahət deyil. Amma bir dövlət başçısını ucaltmaq üçün onun ən yaxın müttəfiqini məğlub vəziyyətdə göstərmək nə siyasi müdriklikdir, nə də diplomatik nəzakət. Üstəlik, siz sadəcə pianoçu Fərhad Bədəlbəyli deyilsiniz. Siz SSRİ xalq artisti, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, dövlətin mühüm və minlərlə gəncin yetişdiyi bir təhsil müəssisəsinin rəhbərisiniz. Milli Məclisin Mədəniyyət komitəsinin ictimai müzakirəsində belə mövqedən söylənilən söz artıq tək bir pianoçunun şəxsi fikri kimi qəbul edilmir. Xüsusilə həssas siyasi məqamda o, dövlətin pərdəarxası münasibətinin qeyri-rəsmi ifadəsi kimi də yozula bilər... Və oxuduğum bir sıra kommentlərin çoxundan görünür - təəssüf ki, elə belə də qəbul edilib. Bu kommentlər həmin yozumun doğru olduğu demək deyil. Amma belə təəssürat yaratmağın özü kifayət qədər təhlükəlidir. Lakin kommentlər haqda bir qədər sonra...
Musiqiçi siyasətdən danışa bilər? Əlbəttə! Ziyalının ictimai mövqe bildirmək hüququ müzakirə mövzusu deyil. Məsələ həmin hüququn hansı məsuliyyətlə istifadə olunmasındadır.
Musiqidə yanlış notu arxasınca gələn növbəti not və ya akkordla düzəltmək olar. Diplomatiyada yanlış səslənmiş sözün əks-sədası isə bəzən illərlə yaşayır, reverberasiyaya məruz qalır. Yəqin doğrudan da vaxtilə hörmətli musiqiçi, yazıçı, rəssam və digər incəsənət sənətkarlarını siyasi oyunlarına cəlb etmək Sovet realizmi ilə birlikdə kolxoz və sovxoz gündəliyində qalmalıdır və barmaqları ilə mahir danışan dilə güc verməməlidir. Əks halda, cəmiyyətimiz keyfiyyətli mədəniyyət xadimi yerinə keyfiyyətsiz siyasətçi qazanacaq. Maestronun yeri böyük, böyük və gür işıq saçan safitlərlə əhatələnmiş beynalxalq konsert zallarıdır və mən indiyədək anlamıram ki, maestro və digər hörmətli mədəniyyət xadimlərimiz siyasətin min bir intriqa ilə hörülmüş labirintlərində nə axtarırlar.
Burada XVI əsrin böyük İran şairi, "Fərhad və Şirin" əsərinin banisi Vəhşi Bafqini xatırlamaq yerinə düşər. O da mürəkkəb siyasi dövrdə yaşamışdı. Səfəvilərlə Osmanlı arasında müharibələrin və sülh müqavilələrinin şahidi olmuş bir nəslin nümayəndəsi idi. Şahlara mədhiyyələr də yazmışdı. Lakin onun adını beş əsrə yaxın yaşadan hökmdarlara söylədiyi təriflər deyil, insan ruhunun dərinliklərinə enən sənəti, poeziyası oldu. Vəhşi Bafqi Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq “Fərhad və Şirin” əsərini yaratmağa başlamışdı. Amma bir mühüm fərqlə! Nizaminin əsərində şahənşah Xosrov önəmli yer tutduğu halda, Vəhşi öz poemasının mərkəzinə hökmdarı deyil, zəhmətkeş sənətkarı — Fərhadı gətirmişdi. Taxt-tacı deyil, dağı yaran sənətkarı! Şahın qüdrətini deyil, zəhmətkeş insanın ləyaqətini!
Bəlkə də poeziyanın siyasətdən ən böyük üstünlüyü elə bundadır: siyasət çox zaman kimin qalib gəldiyini soruşur, böyük ədəbiyyat isə insanın nə qədər uca olduğunu göstərir. Vəhşi Bafqi həmin poemasında yazırdı:
“Əgər yüz dəfə dirilik suyu içmiş olsan da,
Səndə eşq yoxdursa, ölüsən!”
Buradakı eşqi yalnız bir insana məhəbbət kimi anlamayaq. Vətənə, həqiqətə, xalqların dostluğuna və insan ləyaqətinə sevgi də eşqdir. Maraqlıdır ki, həmin əsərdə şair sözün və sükutun qiyməti haqqında da düşünür. Onun tövsiyəsinin mənası sadədir: bəzən qulaq ol, bəzən dil. Nə daim susmaq müdriklikdir, nə də hər fürsətdə danışmaq.
Fərhad müəllim kimi böyük sənətkarın bu hikməti yaxşı bildiyini bilirəm, amma məharətlə istifadəsini görmürəm…
İndi isə qayıdım Fərhad müəllimin qalmaqallı çıxışına yazılan çox saylı kommentlərə. Bəli şərhlərə, icmala, elmi tənqidə deyil, yeni dövrün yaratdığı "kommentlər"ə. Mən sosial şəbəkələrdə sənətkarımızın ünvanına yazılan bəzi təhqirləri də eyni təəssüflə qarşılayıram. Axı biz nə edirik? Bir insanın bir siyasi mülahizəsini yanlış hesab etdiyimiz üçün onun onilliklər boyu qazandığı sənətkar nüfuzunu, Azərbaycan musiqisi qarşısında xidmətlərini bir anda silməliyikmi? Bu yanaşma nə keçmişimizə hörmət edir, nə də gələcəyimizə xidmət göstərir. Axı bir yanlış fikir insanın bütöv həyatını yanlış etmir; tənqid ziyalı cəmiyyətinin əlamətidir. Təhqir isə arqumentin tükəndiyi yerdə başlayır.
Həzərat, bir ziyalının sözündə siyasi səhv axtararkən öz sözümüzdə mənəvi səhvə yol verməmək ən güclü silahdır. Biz Nizami Gəncəvinin yaratdığı, Vəhşi Bafqinin yenidən mənalandırdığı Fərhad obrazını əsrlərlə yaşadan mədəniyyətin varisləriyik. Bu irsin bizə öyrətdiyi yalnız məhəbbət deyil, həm də zəhmətə, ləyaqətə və insana hörmətdir. O kişilərdən sonra bu misralar qaldı tariximizdə:
“Sən də, ey şah, heç kəsi pis sözlə yad etmə,
Fərhadı pisləməklə özünü ləkələmə”.
Beş əsr keçib, amma bu nəsihət hələ də ünvanını itirməyib və Azərbaycan mədəniyyati irsidir. Bu gün biz də öz Fərhadımızı tənqid edə bilərik. Onun fikri ilə qətiyyən razılaşmaya bilərik. Lakin onu təhqir etməklə öz mədəniyyətimizi ləkələməsək və gələcək nəsillərə təhqir və söyüş deyil, fikir və mədəniyyət miras qoysaq, daha zəngin və daha uca millət olarıq. Ziyalının borcu isə bu münasibətin məsuliyyətini daşımaqdır.
Vəhşi Bafqinin Fərhadı sədaqətini və məhəbbətini qarşısındakı dağı yarmaqla sübut edirdi. 8 Noyabr 2026-cı ildə Şuşada görüşən iki qardaş dövlətin rəhbərləri də xalqlarımız arasındakı maneələri aşmaq iradəsini nümayiş etdirdilər.
Unutmayaq: Şuşaya gələn qardaş evinə gəlir. Öz evində isə heç bir qardaş mat olmur. Əgər Şuşada bir mat varsa, o da iki qardaşın arasına bilərəkdən və ya bilməyərəkdən dağ hörməyə çalışan düşüncənin matıdır.
9 dəqiqə