İranlılar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar
İranın yol və şəhərsalma nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

İran nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, bu ölkədə səfərdə olan komissiyanın iranlı həmsədri Fərzanə Sadiq çərşənbə günü iki ölkə nümayəndə heyətinin müşayiəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar.
Həmsədrlərə Bakı Limanı, o cümlədən limanın infrastrukturu və imkanları, o cümlədən illik ötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması üzrə ikinci mərhələ çərçivəsində aparılan tikinti işləri barədə təqdimat keçirilib.
Bakı Limanının genişləndirilməsinin ikinci mərhələsinin başa çatdırılması Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq.
Sonra limanın əsas yük terminalına, Ro-Ro və bərə terminallarına, çeşidləmə qurğusuna baxış keçirilib.