Jurnalistika günü münasibəti ilə böyük tədqiqat yazmaqdayam. Jurnalistikamızı, hazırlaşın, xüsusi ANTİMÜKAFATla təltif edəcəyəm.
Araşdırmadan bir parçanı diqqətinizə çatdırıram:
“"Söz azadlığı" az-çox, Azərbaycanda var, xüsusən sosial şəbəkələrdə.
Ancaq foto, fotokadr mövzusunda Azərbaycan jurnalistikası sıfırdan da aşağı göstəricilər sərgiləyir.
Fotoreportaj janrı bu gün bizdə yoxdur.
Düzü, məncə "foto, yəni baxış azadlığı"əslində söz azadlığından da önəmlidir.
Əvvəla, foto azadlığı jurnalist peşəkarlığı şkalasında ən yüksək pillə sayılır. Peşəkar fotoreportaj, əvvəla ildırım effekti ilə bağlıdır. İnformasiyanı, yozumsuz, sözsüz beyinlərə həkk edir. Yəni, qənaətcildir. Yığcamdır.
Bədii, siyasi yükü sarsıdıcıdır.
Fotojurnalistika xalqa, siyasətə, zati-alilərinə ən yaxın məsafədədir. Uzaqda deyil. Yaxındadır.
Dili, məhəlli, linqvistik yoxxxx... bəşəridir. Hətta deyərdim möhürə bənzəyir.
Fotohekayə, fotoşeirdir.Killerlərin tüfəngi ilə fotoqrafın start meydançası, atəş nöqtəsi təxminən eyni olsa da, nəticələri fərqlidir.
Killer öldürür... Ancaq fotoqraf təkcə foto-atəşlə məhdudlaşmır. O həm də dirildir. Görünməyəni qeydə alır, görünəni şübhə altına alır.
Fərqli baxış budaqları, bucaqları vəd edir.
Təsdiqləyir.
Fotoqrafın nəfəsi hədəfin sifətindədir. İnsanı dirildir sanki fotoqraf.
Letarqiq yuxudan, əzbərçi mövqedən, növbətçi baxışlardan təmizləyir.
Fotoreportaj janrı rəqəmsal dövrün şah əsəri olsa da, postsovet məkanında öz sönüklüyü ilə yadda qalıb.
Ciddi fotoatelyelər, fotoqraflar, fotoqraf birlikləri yoxdur bu məkanda.
Söz çoxdur, ancaq Göz yoxdur.
Elə Azərbaycanda da.
Jurnalist babalar bu eyiblərini görmürlər, görmək də istəmirlər.
Fotoqrafın təyinatı bizdə toyxanadır, üstəgəl, ədabaz mərasimlər.
Fotonun əsl təyinatını, yerini Azərbaycan jurnalistləri səhv salıblar.
Fotoqraf əli salihlı əsgər kimi girməlidir bu gün bu ədabaz məclislərə.
Tutaq ki, "Jurnalistika günü"nə həsr edilmiş növbətçi toyxanaya.
Tamadaları öz foto-atəşləriylə, yallah, bir-bir yerə sərməlidir.
Yaxud sənətə qovuşdurmalıdır.
O, çadraları yerə çırpmalı, gizlinləri açmalıdır.
Ancaq yoxdur bu sənət bizdə.
Sifarişçisi yoxdur.
Xaricdə bütün müsahibələr müsahibin bədii, təkrarsız fotoları ilə müşayət edilir. Qonağın fotosu xırdalanır, dağıdılıb yenidən yığılır, eyibləri, müsbət tərəfləri sözlə yox, gözlə, yəni foto ilə qeydə alınır.
Cavabdeh isə jurnalistlərin münsiflər heyəti, həm də bütöv Azərbaycandır. Belə deyək - söz azadlığını həm də göz azadlığı tamamlamalıdır.
Bu çobanlar, qısası, bir qoyundan üç quzu ala bilirlər, ancaq jurnalistlərindən bircə foto qopartmaq gücündə deyillər.
Azərbaycanda adambaşına üç telefon düşsə də, bu üç telofonun biri belə öz foto-atəşi ilə yadda qalmayıb".