XƏBƏRLƏR / Yaddaş

Fransada AXC qurucularının məzarları ziyarət edilib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edib

Fransada AXC qurucularının məzarları ziyarət edilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 28 May – Müstəqillik Günü münasibətilə Fransada Azərbaycan səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları, eləcə də bu ölkədə yaşayan disapor üzvləri Paris Sülh Konfransına qatılmış, lakin sonradan Vətənə qayıda bilməyən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini yad edərək, onların Parisin ətrafındakı məzarlarını ziyarət ediblər.

    Diplomatlarımız Parisin yaxınlığındakı Sən-Klu qəbiristanlığında uyuyan Cümhuriyyət parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti olan “Azərbaycan”nın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin qəbirlərini ziyarət ediblər. Ziyarət zamanı diplomatlar Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm xidmətləri olmuş bu tarixi şəxsiyyətlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

    Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən işlərdən söz açıb, Cümhuriyyətin qurucularının Azərbaycan dövlətçiliyi uğrunda apardıqları mübarizədən danışıblar. Diplomatlar qeyd ediblər ki, Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli Azərbaycan xalqının azadlıq və istiqlal ideallarının dünyaya çatdırılmasında böyük rol oynayıblar. Onların siyasi və diplomatik fəaliyyəti bu gün də gənc nəsil üçün nümunə hesab olunur.

    Həmçinin diqqətə çatdırılıb ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub. Bu gün Cümhuriyyət qurucularının ruhları şaddır. Tariximizdə ilkə imza atmaqla torpaqlarımızı işğaldan azad edərək Vətəni birləşdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır.