XƏBƏRLƏR / Münaqişə

Fransada kütləvi etiraz aksiyaları: 555 nəfər saxlanılıb

YENİLƏNİB

Fransada kütləvi etiraz aksiyaları: 555 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 10:45

    Fransada ardıcıl üçüncü şənbə günü keçirilən kütləvi etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb.

    Bu barədə Qərb agentlikləri Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Hakimiyyət orqanlarının məlumatına görə, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda 320 min nəfər iştirak edib. Onlardan 70 mini Parisdə küçələrə çıxıb. Nümayişlərin təşkilatçıları isə aksiyalarda iştirak edənlərin sayının təxminən 500 min nəfər olduğunu hesab edirlər. Etirazçılar, digər məsələlərlə yanaşı, yaşayış xərclərinin artmasından və təhsil sahəsindəki problemlərdən narazılıqlarını bildirirlər.

    Fransanın bütün ərazisində təhlükəsizliyin təmin olunması üçün 70 min polis əməkdaşı səfərbər edilib.

    Hakimiyyət orqanlarının məlumatına görə, Parisdə bir neçə yüz etirazçı ilə baş verən toqquşmalar zamanı beş hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Onlardan üçü “Molotov kokteyli” atılması nəticəsində yaralanıb. Polis əməkdaşlarından birinin paltarı alışıb və ona ayaq nahiyəsinin yanığı diaqnozu qoyulub.

    Paytaxtda etirazçılar polislərə səki daşları və daşlar da atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər.

    ***

    06.57

    Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən ümummilli etiraz aksiyalarının üçüncü dalğasında 320 min nəfər iştirak edib.

    Fransa mətbuatının məlumatına görə, bu barədə Fransa Daxili İşlər Nazirliyi açıqlama yayıb.

    Nazirliyin məlumatına əsasən, oktyabrın 31-də keçirilən aksiyalarda təkcə Parisdə 70 min nəfər iştirak edib. Gənclərin həmkarlar ittifaqları birliyi isə ölkə üzrə nümayişçilərin sayının 500 min olduğunu bildirib.

    Müqayisə üçün, oktyabrın 24-də keçirilən aksiyalarda hakimiyyət orqanları 410 min, oktyabrın 17-də isə 550 min iştirakçı qeydə almışdı. Təşkilatçılar sonuncu aksiyaya 800 min nəfərin qatıldığını açıqlamışdılar.

    Oktyabrın 31-də yerli vaxtla saat 18:00-a qədər iğtişaşlarda iştirak etdiyinə görə 296 nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyi əvvəlcədən razılaşdırılmış yürüşlərin əsasən insidentsiz keçdiyini, lakin Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion şəhərlərində radikal qrupların şəhər mərkəzlərinə daxil olaraq iğtişaşlar və qarətlər törətməyə cəhd göstərdiyini bildirib.

    Ən gərgin vəziyyət Nant və Marseldə qeydə alınıb. Nantda polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Həmkarlar ittifaqlarının məlumatına görə, şəhərdə keçirilən nümayişlərə 15 min nəfər qatılıb.

    Marseldə aksiyaların ən intensiv vaxtında 10 min nəfər iştirak edib. Saat 16:00-dan sonra nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

    Rəsmi məlumatlara əsasən, Lionda 19 min, Bordoda 11 min, Nitsada isə 4200 nəfər etiraz aksiyalarına qatılıb.

    Parisdə təhlükəsizlik tədbirləri çərçivəsində 40-dan çox metro stansiyası bağlanıb. Ölkə üzrə ictimai asayişin qorunmasına 70 min polis və jandarm cəlb edilib.

    Dövlət Şurası paytaxtda Bastiliya meydanından Nasion meydanına qədər yürüş keçirilməsinə icazə verən məhkəmə qərarını ləğv edib. Bunun əvəzinə nümayişçilər üçün şəhərin kənarından keçən alternativ marşrut təsdiqlənib.

    Paris, Lion, Marsel və Bordo da daxil olmaqla, bir sıra şəhərlərdə böyüklərin müşayiəti olmadan küçəyə çıxan yetkinlik yaşına çatmayanlar üçün komendant saatı tətbiq edilib.

    Tələbə təşkilatları çərşənbə axşamı və cümə axşamı liseylərin və universitetlərin fəaliyyətini bloklamağa, noyabrın 5-də isə həmkarlar ittifaqlarının çağırışı ilə yeni kütləvi nümayiş keçirməyə çağırıblar.

    Bu arada, oktyabrın 28-də Fransa Senatı iğtişaşlar zamanı vurulan maddi zərərə görə kollektiv maliyyə məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədi 229 senator dəstəkləyib, 105 nəfər əleyhinə səs verib.

    Qanun layihəsinə əsasən, zorakılıq və əmlaka ziyan vurmaq məqsədilə yaradılmış qruplarda bilərəkdən iştirak edən, yaxud polisin ərazini tərk etmək tələbinə baxmayaraq iğtişaş yerində qalan şəxslərdən zərərin ödənilməsi tələb oluna bilər. Bu, zərəri bilavasitə törətməyən şəxslərə də şamil edilə bilər. Bir nəfərdən tutula biləcək maksimum məbləğ 10 min avro müəyyənləşdirilib.