XƏBƏRLƏR / Siyasət

Fransanın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi

Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyası məlumat yayıb

Fransanın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bir qrup fransalı deputatlarla birlikdə Ermənistandakı Zod qızıl mədəninə (Kəlbəcərlə sərhəd) baş çəkib.

    Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının "X" mikrobloqunda yayılan məlumatda qeyd edilib.

    "Biz Fransanın Ermənistandakı səfiri Olivye Dekotinini və Fransa Milli Assambleyasının deputatlarını Martunidə qəbul etməkdən məmnun olduq.

    Biz Zod qızıl mədəninin ətrafında təhlükəsizliklə bağlı fəaliyyətlərimizi və proseslərimizi təqdim etdik", - missiyanın mesajında bildirilib.

    Xatırladaq ki, Zod qızıl yatağı Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir.

    Yatağın ümumi ərazisinin 76 faizi Azərbaycan, 24 faizi isə Ermənistan ərazisində yerləşir. Ermənistan 30 illik işğal dövründə Zod qızl yatağını qanunsuz olaraq təkbaşına istismar edib. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb.

    2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.