XƏBƏRLƏR / Siyasət

Fransa XİN casus Martin Raynın əfv olunmasını alqışlayıb

YENİLƏNİB

Fransa XİN casus Martin Raynın əfv olunmasını alqışlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:44

    Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin casusluqda məhkum edilmiş fransız Martin Rayanı əfv etmək qərarını alqışlayan bəyanat yayıb.

    Fransa tərəfinin fikrincə, bu nəticə Parisin davam etdirmək niyyətində olduğu və "münasibətlərin normallaşdırılması istiqamətində bir addım" olduğunu bildirən dialoq sayəsində mümkün olub.

    Nazirliyin bəyanatında deyilir: "Fransa bu müsbət nəticəyə nail olmaq üçün həm Parisdə, həm də Bakıda yorulmadan çalışan bütün komandalara təşəkkür edir".

    ***

    15:30

    Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

    Bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.

    Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:

    "Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".

    Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

    ***

    11:33

    Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.

    Bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.

    Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.

    Qeyd edək ki, "Financial Times" qəzeti əvvəllər Fransanın Azərbaycandakı fransız məhbuslarının azadlığa buraxılması səylərinin bir hissəsi olaraq özbək mənşəli rusiyalı milyonçu Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması üçün AB daxilində dəstək axtardığını bildirmişdi. Lakin Azərbaycan tərəfi bu məlumatı qətiyyətlə təkzib edir.

    Xatırladaq ki, Rayandan əlavə, "Saur" şirkətinin top meneceri olan digər bir fransız Anass Derraz da Azərbaycanda 12 illik həbs cəzası çəkir və onun əfvi ilə bağlı hələlik heç bir xəbər yoxdur.