XƏBƏRLƏR / İdman

Futbol üzrə dünya çempionatı start götürür

Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Futbol üzrə dünya çempionatı start götürür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

    Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

    İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol turnirində debüt edəcəklər.

    Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev sahibliyi edəcək.

    Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda yer alan “ay-ulduzlular” ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.

    A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya;

    B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;

    C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;

    D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;

    E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;

    F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;

    G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;

    H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;

    I qrupu: Fransa, Seneqal, Norveç, İraq;

    J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

    K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;

    L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

    Dünya çempionatında qalib gələn komanda 50 milyon dollar, ikinci 33 milyon dollar, üçüncü yer 29 milyon dollar, dördüncü yer 27 milyon dollar, beşinci-səkkizinci yer 19 milyon dollar, 9-16-cı yer 15 milyon dollar, 17-32-ci yer 11 milyon dollar, 33-48 yer 9 milyon dollar mükafat alacaq.

    Bundan əlavə, hər bir seçmə komanda turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Bu o deməkdir ki, bütün komandalara 2026-cı il dünya çempionatında iştirak üçün ən azı 10,5 milyon dollar zəmanət verilir.

    Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku başı üzərinə qaldıran Argentina millisidir.