Füzuliyə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib
Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır. Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşaktma keçirildi. Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq bu proses mərhələli şəkildə davam etdiriləcək.
Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib.
Qayıdış prosesinin kompleks bir məsələ olduğunu diqqətə çatdıran dövlət komitəsinin rəsmisi bildirib ki, insanların məskunlaşması ilə bərabər, onların sosial, yəni məşğulluq, təhsil, sağlamlığı ilə bağlı məsələlər də diqqətdə saxlanılır, zəruri addımlar atılır.
"Komitə bu məsələdə aidiyyəti qurumlarla birgə işləyir. TƏBİB-lə razılaşmaya əsasən qayıdışdan öncə sakinlər pulsuz tibbi müayinədən keçirlər və yüksək səviyyədə yoxlanırlar", - deyə Fuad Hüseynov diqqətə çatdırıb.
Mina təhlükəsinin qayıdış prosesinə ən böyük maneələrdən biri olduğunu qeyd edən sədr müavini torpaqlarımızın mina və partlamamış sursatla çirkləndirildiyini bildirib: "Beynəlxalq ekspertlərin rəyinə əsasən, həmin sahələr dünyada ən çirkli ərazilər hesab olunur. Minalardan təmizləmə çox çətin bir prosesdir. Bu, həm vaxt aparan işdir, həm də maliyyə vəsaiti tələb edir. Amma dövlətimiz bu işin də öhdəsindən gələcək və erməni vandallarının xarabazara və çirkli ərazilərə çevirdiyi torpaqlar gülüstana, həyat qaynayan bir məkana dönəcək. Azərbaycan dünyaya postmüharibə dövründə sürətli bərpa və yenidənqurma, keçmiş məcburi köçkünlərin reinteqrasiya prosesi modelini tezliklə bütün dünyaya təqdim edəcək".
"Ümumilikdə bu ilin sonuna qədər 2000-ə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın insanın öz doğma el-obasında məskunlaşdırılması nəzərdə tutulur”, - deyə Fuad Hüseynov bildirib.