XƏBƏRLƏR / Qayıdış

Xarici diplomatların Laçın şəhərinə səfəri başlayıb

Bundan əvvəl onlar Laçındakı Sərhəd Keçid Məntəqəsində olublar

Xarici diplomatların Laçın şəhərinə səfəri başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:35

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Laçına səfəri dağlar qoynundakı bu şəhərin füsunkar təbiətini və burada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini kətan üzərinə köçürən peşəkar gənc rəssamların qısa müddətdə yaratdıqları rəsm əsərlərinin sərgisi ilə tanışlıqla başlayıb.

    Diplomatlara sərgi haqqında məlumat verilib.

    Bildirilib ki, əsrarəngiz təbiəti, qədim tarixi abidələri, həmçinin bu şəhərdə qısa müddətdə aparılan nəhəng bərpa-quruculuq işləri Vətənini sevən hər bir rəssam üçün ilham mənbəyinə çevrilib. Odur ki, ölkəmizi bir sıra beynəlxalq rəsm müsabiqələrində təmsil edən, dünyanın nüfuzlu rəssamlıq akademiyasını bitirmiş 50-dən çox rəssam qısa müddətdə Laçının gözoxşayan mənzərələrini kətan üzərinə köçürüb.

    Diplomatlar rəssamların əsasən impressionizm janrında, yağlı boya ilə müxtəlif üslublarda çəkilmiş şəkillərinə baxıblar.

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri ilə də tanış olublar.

    Diplomatlar Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.

    Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 tikili bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

    Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.

    ***

    Səfər zamanı xarici diplomatlar Ermənistan və Azərbaycan arasında sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüdə olublar. Onlara Ermənistanın son təxribatları, nəticədə bir hərbçinin yaralanması barədə məlumat verilib. Sərhəd Keçid Məntəqəsinin (SKM) silahlı təxribatdan əvvəl açıldığı qeyd edilib. Xankəndində yaşayan erməni əsilli sakinlər bundan heç bir maneə olmadan istifadə edirdilər.