Xarici diplomatların Ağdama səfəri başlayıb
Onlar tikinti-quruculuq işləri ilə tanış olurlar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.
Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.
Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək.
“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik. Təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitter paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının və dəmir yolunun sxematik planı ilə tanışlıq olub.
“Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yollara bloklar və maneələr qoyurlar”, - deyə o vurğulayıb.