XƏBƏRLƏR / Qayıdış

Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir

Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir.

    Bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır.

    “Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük sevinc xəbəridir,” – deyə Emin Hüseynov vurğulayıb.

    Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək.

    Emin Hüseynovun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: "Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq.

    Ümid edirik ki, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin edəcəyik. Şəhərin baş planına əsasən, 2040-ci ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq".