Geosiyasi intriqaları Cənubi Qafqaza ötürmək istəyənlər var
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib
"Həddindən artıq regional geosiyasi intriqaları Cənubi Qafqaza ötürmək istəyən qüvvələr var."
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya 2024 Diplomatik Forumu çərçivəsində Azərbaycan jurnalistlərinə deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın baxışı ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda davamlı sülh və əmin-amanlıq təmin olunmalıdır.
“Azərbaycan bu niyyətin daşıyıcısıdır. Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır. Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silah yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var. Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir”, - Prezidentin köməkçisi qeyd edib.