Tbilisidə etirazçılar hasarları aşdılar, həbslər başladı
Parlament binasının ətrafında etiraz aksiyası gedir VİDEO
Tbilisidə etirazçılar parlamentin xarici perimetrində quraşdırılmış dəmir hasarları aşdılar.
Etirazçılardan bəziləri Gürcüstan parlamentinə səddini aşsalar da, polis və xüsusi təyinatlılar tərəfindən saxlanılıblar.
Şahidlərin sözlərinə görə, həbslər binaya bitişik bütün ərazidə aparılır.
***
Üçüncü dinləmədən sonra Gürcüstan parlamenti “Xarici təsir haqqında” qanunu qəbul edib.
84 deputat “lehinə”, 30 deputat isə “əleyhinə” səs verib.
Sənədə əsasən, 20%-dən çox xaricdən maliyyələşən QHT-lər və KİV xüsusi reyestrdə qeydiyyatdan keçməli və Ədliyyə Nazirliyi tərəfindən yoxlamalardan keçməlidir.
Gürcüstan prezidenti Salome Zurabişvili artıq qanun layihəsinə veto qoyacağını bəyan edib, lakin parlamentin onu ləğv etmək imkanı var.
Bir neçə həftə qanunun müzakirəsi minlərlə etirazla müşayiət olundu.
***
Bu gün Gürcüstan parlamentinin plenar iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılır.
Qanun layihəsini hakim “Gürcü arzusu” partiyası təqdim edib.
Üçüncü oxunuşda əsasən texniki və redaksiya məzmununun müzakirəsi nəzərdə tutulur. Odur ki, bu gün qanun layihəsinə parlamentdə baxılması prosesinin yekunlaşacağı və qəbul ediləcəyi gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.
Xatırladaq ki, ötən gün 30-dan çox universitetin tələbələri qanun layihəsinin qəbuluna qarşı keçirilən genişmiqyaslı etiraz aksiyasında iştirak ediblər. Yerli vaxtla saat 10:00-dan başlayaraq tələbələr universitetlərdən parlamentə doğru yürüşə başlayıblar. Dünən Gürcüstan parlamentinin hüquq komitəsi qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirib və təsdiqləyib.
Qanun layihəsinə əsasən, büdcəsi 20%-dən çoxunu xaricdən təşkil edən qeyri-kommersiya təşkilatları “xarici dövlətlərin maraqlarını həyata keçirən təşkilatlar” kimi qeydiyyata alınmalı və bundan əlavə, Ədliyyə Nazirliyi hər il maliyyə hesabatlarını təqdim etməlidir Qeyri-kommersiya təşkilatları ilə əlaqədar araşdırma etmə səlahiyyəti verilərək qeydiyyatdan keçməyənlərə təxminən 25 min lari pul cəzası kəsiləcək.