XƏBƏRLƏR / Kriminal

Gürcüstanda Azərbaycan vətəndaşının öldürülməsi barədə

Qeyd edək ki, Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən iyunun 26-da Gürcüstanda qətlə yetirilib

Gürcüstanda Azərbaycan vətəndaşının öldürülməsi barədə
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

    Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.

    “Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bildirir ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, onların hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək” -, deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən iyunun 26-da Gürcüstanda qətlə yetirilib.

    Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb və Gürcüstandan Türkiyəyə qaçıb.

    Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyədə saxlanılıb.