Gürcüstan "3+3" formatda iştirak etməyib, etməyəcək
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili deyib. O, Ermənistana zirehli maşınlarının keçməsi məsələsinə də toxunub
Gürcüstanın "3+3" platforması ilə bağlı mövqeyi birmənalıdır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.
Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.
O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Aparıcının Fransadan Ermənistana zirehli texnikanın Gürcüstan vasitəsilə tədarükü Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mane olub-olmayacağı sualına Darçiaşvili cavab verib ki, “Gürcüstan hər iki ölkəyə tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verir”.
“İstənilən ölkənin müdafiə gücünə malik olmaq hüququ var və beynəlxalq müqavilələrlə icazə verilən adi texnika və ya silahlara gəldikdə, istənilən ölkənin onları əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki dövlətə ölkəmizin malik olduğu tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verilsin. Bu, bizim cavabımızdır, bu məsələ ilə bağlı iftiralar yersizdir”, - Darçiaşvili bildirib.