XƏBƏRLƏR / Qonşular

“Sülh Körpüsü”nün iştirakçıları Hikmət Hacıyevlə görüşüblər

YENİLƏNİB

“Sülh Körpüsü”nün iştirakçıları Hikmət Hacıyevlə görüşüblər
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:55

    Bu təşəbbüs çərçivəsində artıq dördüncü görüş baş tutub, ilk səfərlər artıq həyata keçirilib. Həmin vaxt Azərbaycan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Ermənistana, daha sonra isə Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Azərbaycana səfər etmişdi. Bu il isə daha geniş tərkibdə, təxminən 20 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib. Hazırkı dövrdə bu prosesin simvolik mənası ondan ibarətdir ki, gediş-gəliş delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsindən həyata keçirilir.

    Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

    Mərkəzin direktoru Sülh gündəliyinin Vaşinqton sammitində təsdiq edildiyini və bu çərçivədə dövlətlərarası yüksəksəviyyəli dialoq mövcud olduğunu deyib: “Buraya liderlər və dövlət strukturları daxildir. İqtisadi münasibətlər formalaşmaqdadır. Bu prosesə tranzitin təşkili, birbaşa ticarət və eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində dialoq daxildir ki, bunlar artıq reallaşdırılır”.

    F.Məmmədovun fikrincə, “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi ondan ibarətdir ki, əvvəllər də buna bənzər dialoq platformaları olsa da, onlar əsasən üçtərəfli formatda, yəni vasitəçi və ya donor təşkilatların təşəbbüsü ilə həyata keçirilirdi. Hal-hazırda isə bu proses hökumətlərin dəstəyi ilə reallaşır və vətəndaş cəmiyyəti nümayəndələri də burada fəal iştirak edirlər.

    ***

    14:55

    Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.

    Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

    Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

    Görüşdə ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

    Həmçinin iki ölkə arasında ticərət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.

    H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

    Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi oluqca vacibdir.