Hacı Məmmədovun dəstə üzvünün məhkəməsi
Hüseynağa Zərbəliyev Hacı Məmmədovun dəstəsinin basqınlarında iştirakda təqsirləndirilir
Silahlı qrup üzvü olmaqda, basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramovu həyat və sağlamlıq üçün təhlükəli üsulla ona fiziki iztirab verməklə azadlıqdan məhrum edib. Təqsirləndirilən H. Zərbəliyev 1996-cı ildə Bakıda silahlı bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və başqaları ilə birlikdə üzv kimi daxil olub. Onun üzvü olduğu banda Tofiq Bayramova qarşı basqın edərək onu oğurlamaq və hədə-qorxu yolu ilə külli miqdarda əmlakını tələb etmək məqsədilə qurulub.
Qrup üzvləri Səyyad Allahverdiyev və Vidadi Əliyev Tofiq Bayramovun məşğuliyyəti, yaşayış yeri və maddi vəziyyəti barədə zəruri məlumatlar toplayıb. Buna görə də, təqsirləndirilən şəxs H. Zərbəliyev 1996-cı il avqust ayında Bakıda barın qarşısında Tofiq Bayramovun taksi kimi istifadə etdiyi avtomaşına Qabil Ağayev ilə əyləşib. Zərərçəkmiş şəxsdən “Montin” qəsəbəsinə sürməyi tələb edib.
Zərərçəkmişin idarə etdiyi avtomaşını “Qaratəkrarmetal” zavodunun qarşısındakı körpünün yaxınlığında saxlatdırıb. Bundan sonra Tofiq Bayramovun üzərinə bihuşedici vasitədən silah qismində istifadə etməklə basqın edib əllərini və gözlərini bağlayıb.
Daha sonra həmin yerdə zərərçəkmişi avtomaşından düşürüb. Orada gözləyən bandanın üzvü Afər Kərimovun köməkliyi ilə başqa avtomaşına zorla əyləşdirib. Zərəçəkmiş şəxs Novxanıda yerləşən bağ evində 13 gün əlləri və gözləri bağlı, çarpayıya bağlanış vəziyyətdə saxlanıb.
Banda üzvləri bu müddətdə zərərçəkmiş şəxsin həyat yoldaşı Qənimət Bayramova ilə telefon əlaqəsinə girib. Onlar Q. Bayramovanı Tofiq Bayramovu öldürəcəkləri ilə hədələyərək 300 min ABŞ dolları tələb edib. Bundan sonra zərərçəkmişi T. Bayramovu avqustun 16-da paytaxtın Sabunçu rayonu Kürdəxanı kəndində azad ediblər.
Təqsirləndirilən şəxs ittiham aktına münasibət bildirərək özünü təqsirli bilməddiyini deyib. O, Hacı Məmmədovla, onun dəstəsi ilə əlaqəsinin olmadığını bildirib, qeyd edib ki, 1996-2023-cü illərdə Rusiyada yaşayıb və ötən il orada saxlanılıb.
Məhkəmə prosesi aprelin 29-da davam etdiriləcək.
İş üzrə zərərçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb.
H.Zərbəliyevə Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm - sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsiləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (Hacı Məmmədov 2017-ci ildə həbsxanada özünü asaraq intihar edib - red.) əlaqəsinin olduğu bildirilir.