Haram aylar və nisyə anlamı
(Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar.
(İnnəmannəsi u ziyadətun fil kufri)
Ayədə keçən "nəsi" kəlməsini bəzi tərcüməçilər “gecikdirmək” kimi tərcümə etmişlər. Lakin Əlixan Musayevin tərcüməsi daha dəqiqdir. Gecikdirmək yox, "təxirə salmaq". Bu mənanı cahil ərəblərin İslamdan əvvəlki ənənələri təsdiq edir. Belə ki, Surənin 36-cı ayəsində ilin 12 aydan ibarət olduğu və bu aylardan dördünün (zilqidə-zilhiccə-məhərrəm-rəcəb) haram olduğu bildirilir (Onlardan 3-ü ard-arda, biri isə sonra gəlirdi). Belə ki, bu aylarda müharibə edilməzdi. Bunun fəlsəfəsi isə daim döyüşlərdən qənimət əldə edən cahil ərəblərə sülh barədə fürsət yaratmaq idi. Onlar isə döyüş əhval-ruhiyyəsi aşağı düşməsin deyə ayların yerini dəyişər və ya təxirə salardılar.
Nüfuzlu qəbilə başçılarından biri "Mən Rəcəbi və ya zilhiccəni təxirə salıram və ya yerini dəyişirəm" deməklə məsələ həll olurdu. Bunu bəzən həcc ayı isti aylara düşdükdə də edirdilər. Belə ki, isti aylarda Kəbəyə ziyarətə gələn az olur və bu da onların ticarətinə mane olurdu. Ayənin əvvəlində işlənən "nəsi" kəlməsi də dəqiq tərcümə olaraq təxirə salmaq kimi mənalandırılmalıdır. Dilmizə ərəb dilindən keçən "nisyə" sözü də eyni kökdəndir. Belə ki, nisyə alış-verişdə tərəflər ödənişin müddətini təxirə salırlar, nəinki gecikdirirlər.