XƏBƏRLƏR / İctimaiyyət

Həlak olan azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi

Tədbir Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib

Həlak olan azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Baku Network” Analitik Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş 14 jurnalistin fotoşəkillərindən ibarət sərgi təşkil edilib.

    Tədbirin açılışında çıxış edən səfirliyin müşaviri Nigar Hüseynova 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, eləcə də elan olunmamış müharibəsi ilə üzləşməsindən danışıb.

    Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayan diplomat 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən, ilk şəhid jurnalist Salatın Əsgərova, 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan helikopterdə həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Naxçıvanikdə (Əsgəran) çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevdən danışıb. O, 2021-ci ildə Kəlbəcərdə "Azərtac"  və AZTV əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışovun erməni minalarının qurbanı olduqlarını bildirərək, azərbaycanlıların bu gün də mina təhlükəsi altında yaşadıqlarını vurğulayıb.

    Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirib. Onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanı bugünkü kimi sürətlə yaymaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə edib.

    N.Hüseynova Ermənistan və Azərbaycan arasında hazırki normallaşma prosesinə toxunaraq, Azərbaycan torpaqlarının işğalına son qoyan və regionda yeni səhifə açan 2020-ci ilin 44 günlük müharibəsindən sonra tərəflərin məhz Azərbaycanın təşəbbüsü ilə sülh gündəliyinə başladığını qeyd edib.