Həlak olmuş 1212 hərbçinin meyiti Ukraynaya verilib
Bu barədə Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının “Telegram” kanalı xəbər verir

Müharibədə həlak olmuş 1212 hərbçinin meyiti Ukraynaya qaytarılıb. Onların arasında Ukraynanın şərqində və cənubunda, eləcə də Kursk vilayətində vuruşmuş döyüşçülər var.
Bu barədə Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının “Telegram” kanalı xəbər verir.
Qaytarılanlar arasında Kursk, Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində həlak olanlar da var. Meyitlər Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının, Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, İtkin Düşmüş Şəxslərin İşləri üzrə Müvəkkilin katibliyinin, Xüsusi Dövlət Təhlükəsizliyi Xidmətinin və digər strukturların birgə işi nəticəsində geri qaytarılıb.
Koordinasiya Qərargahı Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımını da qeyd edib.
Əvvəlcə əsgərlərin meyitləri hüquq-mühafizə orqanlarının nümayəndələrinə və ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil veriləcək.
Xatırladaq ki, iyunun 2-də İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya irimiqyaslı məhbus mübadiləsi haqqında razılığa gəliblər. Bu kateqoriyaya bütün ağır yaralı və xəstə hərbi əsirlərin, eləcə də 18-25 yaş arası hərbi qulluqçuların mübadiləsi daxildir.