İran ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəlib
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib
20:28
İranın xarici işlər naziri Abbas Əraqçi Iran televiziyasına ABŞ-la danışıqların gedişatı haqda şərh verib.
O qeyd edib ki, növbəti danışıqlar mərhələsinin vaxtı məlum deyil və məsləhətləşmələr davam edir.
"Bu mərhələdə əvvəlkindən daha ciddi müzakirələr apardıq. Atmosfer daha konstruktiv idi. Müxtəlif ideyalar irəli sürüldü. Bir sıra rəhbər prinsiplər üzrə ümumi razılığa gəldik və bunun əsasında mümkün razılaşmanın mətninin hazırlanmasına başlayacağıq. Bu, tezliklə razılığa gələcəyimiz demək deyil, amma proses başlayıb", - deyə o əlavə edib.
***
17:47
İran rəsmiləri uran zənginləşdirməsini dayandırmağı, uran ehtiyatlarının bir hissəsini xaricə köçürməyi və ABŞ-ın İrana hücumunun qarşısını ala biləcək nüvə danışıqlarını irəli aparmaq üçün ABŞ ilə işgüzar sazişlər bağlamağı düşünürlər. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat verib.
ABŞ və İran diplomatlarının sözlərinə görə, İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya göndərməyə hazır olduğunu bildirib. Bundan əlavə, iranlılar uran zənginləşdirməsini üç ilə qədər dayandırmağa hazır olduqlarını bildiriblər. Tehran iyun ayında ABŞ-ın hücumları onun əsas nüvə obyektlərini sıradan çıxardıqdan sonra uran zənginləşdirməsini dayandırıb.
Diplomatların sözlərinə görə, fevralın əvvəlində keçirilən ilk görüşdə İran həmçinin istifadə edə biləcəyi zənginləşdirilmiş uran yanacaq lövhələri istehsal etmək üçün regional konsorsium yaratmağı təklif edib. Lakin, diplomatlar qeyd ediblər ki, hələlik İslam Respublikası ölkədə istehsal prosesini davam etdirməkdə israr edir ki, bu da ABŞ üçün qəbuledilməzdir.
***
16:43
Cenevrədə ABŞ və İran arasında danışıqlar başa çatıb.

Bu barədə İran mediası məlumat yayıb.
Xəbərdə deyilir ki, danışıqlarda iştirak edən İran diplomatlarının avtomobilləri müzakirələrin keçirildiyi ərazini tərk edib.
***
14:46
İran və ABŞ arasında danışıqların ikinci mərhələsi başlayıb.

Dolayı danışıqlar Cenevrədəki Oman səfirliyində keçirilir və Sultanlıq vasitəçi qismində çıxış edir.
2 dəqiqə