Rusiya Odessaya, Ukrayna Soçiyə dronlarla zərbələr endirib
Hücumlar zamanı insan tələfatı var

Rusiya Odessaya kütləvi dron hücumu həyata keçirib.
Bu barədə "Unian" məlumat yayıb.
Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleg Kiper bildirib ki, hava hücumundan müdafiə vasitələrinin fəal işləməsinə baxmayaraq, mülki infrastruktura ziyan dəyib.
“Şəhərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar,” – məlumatda belə qeyd olunub.
***
Ukrayna Soçiyə dronlarla hücum edib, Tavriçeskaya küçəsində yerləşən neft anbarına zərbə endirilib.
Bu barədə “Sirius” Federal Təhsil Mərkəzinin administrasiyasının rəhbəri Dmitri Plişkin məlumat yayıb.
Krasnodar diyarının əməliyyat qərargahından verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, daha biri ağır xəsarət alıb.
Bəzi otellərdə istirahət edənlər yeraltı qarajlara təxliyə olunublar. Soçi hava limanında isə uçuşlara məhdudiyyətlər tətbiq edilib.