HƏMAS girov götürdüyü iki ABŞ vətəndaşını azad edib
HƏMAS Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır
HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları girov götürdükləri ABŞ vətəndaşlarını azad ediblər.
Bu barədə Fələstinin radikal HƏMAS hərəkatı bildirib.
Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır.
İsrail ordusunun məlumatına görə, HƏMAS Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır.
Qeyd edək ki, ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün radikal HƏMAS hərəkatı ilə apardığı danışıqlar nəticəsiz qalıb. Bu barədə cümə günü “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, sövdələşmənin şərtləri arasında müvəqqəti atəşkəsin əldə olunması, Qəzza zolağına dəniz nəqliyyatının bərpası və bölgəyə humanitar yardımın çatdırılması müzakirə edilib.
Nəşr qeyd edir ki, bu məsələlərin yaraqlılarla müzakirəsi çətin keçib. Münaqişənin kəskinləşməsindən sonrakı ilk həftə ərzində radikal hərəkat əsir götürdüyü mülki şəxslərin taleyi ilə bağlı danışıqlara getməyib. Üstəlik, HƏMAS girovların hamısının dəqiq yerini də bilmir.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton HƏMAS-dan bütün girovları ilkin şərt olmadan azad etməyi tələb edir.