XƏBƏRLƏR / Münaqişə

İsraildə müharibə başlayıb YENİLƏNİR

Son məlumata görə, qarşıdurmalarda həlak olanların sayı 20-ni ötüb

İsraildə müharibə başlayıb YENİLƏNİR
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 13:30

    "İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Əməliyyat deyil, eskalasiya deyil - müharibə. HƏMAS bunun qarşılığını ödəyəcək”, - İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

    Son məlumata görə, qarşıdurmalarda həlak olanların sayı 20-ni ötüb.

    ***

    13:20

    HƏMAS-ın hərbi lideri İsraildə yaşayan ərəbləri və qonşu dövlətləri İsrail üzərinə hücuma qoşulmağa çağırıb.

    Bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.

    Nəşrin yazdığına görə, HƏMAS-ın hərbi lideri Məhəmməd Deif Qəzza zolağından İsrailə qarşı həyata keçirilən raket hücumlarını “böyük inqilab günü” adlandıran bəyanat yayıb:

    "Bu gün Fələstin xalqı inqilaba qalxıb və qayıdış canlanıb”, - deyə bəyanatda bildirilib.

    Deif Livan, İraq, Suriya və Liviyadakı ərəbləri Fələstinə qoşulmağa və birlikdə müqavimət göstərməyə çağırıb.

    "HƏMAS"ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri də eyni məzmunlu bəyanatla ərəbləri və qonşu ölkələri “Əqsa tufanı” (“Flood al-Aqsa”) hərbi əməliyyatlarına qoşulmağa çağırıb.

    ***

    12:30

    HƏMAS silahlıları İsrailin cənub və mərkəzi hissəsinə raket zərbələri endirib.

    Bu barədə “The Times of Israel" nəşri yazıb.

    Qəzet bildirir ki, sərhəddə yerləşən Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Digər media qurumları ölü və yaralıların sayının daha çox olduğunu bildirib.

    Məlumata görə, radikal qruplaşmanın üzvləri qəsəbəyə və digər ərazilərə sızıblar. Hazırda bölgədə toqquşmalar yaşanır.

    Fələstinin rəsmi WAFA agentliyinin məlumatına əsasən, Qəzza zolağında döyüşlərdə 4 fələstinli ölüb, 5-i yaralanıb. HƏMAS İsrailə məxsus bir sıra obyektləri ələ keçirildiyini iddia edib.

    Baş nazir Binyamin Netanyahu təhlükəsizlik rəsmilərini fövqəladə iclasa çağırıb. 

    Yerli media yazır ki, İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başlayıb. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Müdafiə Ordusu bölmələrinin əsgərləri silahlıların nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. "İsrail dövləti bu müharibədə qalib olacaq”, - o qeyd edib.

    Qalant ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırıldığını açıqlayıb.

    İsrail Prezidenti İshak Hersoq hər kəsi təmkinli olmağa çağırıb. “İsrail dövləti çətin dövrdən keçir. İsrail Müdafiə Nazirliyini, komandirlər, döyüşçüləri, bütün təhlükəsizlik və xilasetmə qüvvələrini gücləndirirəm. Hər kəsi Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etməyə, qarşılıqlı güvən və sakitlik nümayiş etdirməyə çağırıram”, - o qeyd edib 

    Qeyd edək ki, İsrailin Qəzza zolağından atəşə tutulması səhər saat 6:30 radələrində başlayıb. Tel-Əviv və Qüdsdə həyəcan təbili çalınıb. HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif hər yerdə fələstinliləri döyüşməyə çağıraraq əməliyyatın başladığını elan edib.

    ***

    Fələstinin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Məhəmməd əd-Deif İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

    O, İsrail ərazisinə 5000 raket və mərmi atıldığını vurğulayıb.

    "“Əl-Əqsa tufanı" əməliyyatının başlandığını elan edirik", - o deyib.

    Qeyd edək ki, bu səhər Qəzza zolağından İsrailə onlarla raket atılıb. İsrail ordusu hərbi əməliyyata başlayıb.

    İsrail ordusu döyüşə hazır vəziyyət elan edib. Yerli media hadisəni “əsl müharibə” adlandırır. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırıldığını açıqlayıb.