Heydər Əliyev adına Tbilisi Dram Teatrının təməli qoyuldu
Əli Əsədov Heydər Əliyevin Gürcüstana isti münasibətindən danışıb
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Təməlqoyma mərasimində çıxış edən Baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.
1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan Baş nazir deyib: “Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.
Ulu Öndər Heydər Əliyevin Gürcüstana isti münasibətindən danışan Əli Əsədov bildirib: “Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki qaldı Gürcüstan, bu, bir xüsusi haldır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq. Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulmuşdur. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdır. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər. Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi”.