Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır
Növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında keçirilib

İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışı məntəqələrində, əsasən də mal bazarlarında mexaniki təmizləmə və dezinfeksiya tədbirlərinə başlanılıb. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında keçirilib.
Bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnikalar vasitəsilə ərazini dərmanlayıblar. Profilaktik dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbəri Rahib Abdullayev bildirib ki, respublikanın bütün heyvan satışı bazarlarında dezinfeksiya işləri mütəmadi aparılır: “Hazırda analoji prosesi Xaçmazdakı heyvan satışı bazarında həyata keçiririk. Məqsəd bazara daxil olan heyvan və insanların dezinfeksiya baryerlərindən keçməsini təmin etməkdir. Hazırda bazarda dezobaryerlər qurulub. Bu dezobaryerlər gündəlik olaraq dezinfeksiyaedici maddələrlə, dərmanlarla təmin edilir. Bazara gətirilən heyvanlar baytarlarımız tərəfindən gündəlik müayinədən keçirilir, xəstəlik şübhəsi olan heyvanlar bazardan kənarlaşdırılır”.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planı çərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa zamanda yekunlaşacaq.