XƏBƏRLƏR / Kənd təsərrüfatı

Kənd təsərrüfatında yeni sahələrə subsidiya veriləcək

Bu Aqrar Subsidiya Şurasının qərarında öz əksini tapıb

Kənd təsərrüfatında yeni sahələrə subsidiya veriləcək
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Azərbaycanda kənd təsərrüfatında yeni subsidiya mexanizmləri və dövlət dəstəyinin məbləğləri müəyyən edilib.

    Aqrar Subsidiya Şurasının qərarı ilə bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də yeni subsidiyalar tətbiq olunacaq.

    • "Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya verəcək
    • Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq
    • Əkin və bağçılıq subsidiyasında sığorta tələblərini yeniləyib
    • Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək
    • Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək

    Qərara əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə hər hektara 400 manat, ənənəvi suvarma və dəmyə əkinlərinə isə 200 manat subsidiya ödəniləcək. Müasir suvarma tətbiq olunan sahələrdə kartof, tərəvəz, noxud, lobya və digər paxlalılar üzrə subsidiya 500 manat/ha, bostan bitkiləri üzrə 310 manat/ha müəyyən edilib.

    Dağlıq rayonlarda və Naxçıvan Muxtar Respublikasında kartof və tərəvəz əkinlərinə müasir suvarma tətbiq edildikdə hər hektara 600 manat, digər sahələrdə isə 400 manat subsidiya veriləcək.

    Pambıq üzrə məhsul subsidiyası da suvarma üsuluna görə fərqləndiriləcək. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton olacaq.

    Yeni qərarla istixanaların texnoloji səviyyəsi və örtük materialından asılı olaraq hər hektara 500 manatdan 5 000 manatadək subsidiya müəyyən edilib. Ən yüksək məbləğ – 5 000 manat/ha – 4-cü nəsil şüşə örtüklü yüksək texnologiyalı istixanalara veriləcək.

    İxracyönümlü yeni bitkilərin becərilməsi də dəstəklənəcək. Aroniya bağlarının salınmasına birdəfəlik 7 500 manat/ha, efir yağı istehsalı üçün qızılgül əkinlərinə 6 000 manat/ha subsidiya nəzərdə tutulub. Butik şərabçılığın inkişafı məqsədilə 5-20 hektarlıq super-intensiv üzüm bağlarına 20 000 manat/ha, intensiv üzüm bağlarına isə 10 000 manat/ha subsidiya veriləcək. 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir.

    Emal müəssisələrinə təhvil verilən məhsullar üzrə də subsidiyaların əhatəsi genişləndiriləcək. Texniki üzüm və xurma üçün 50 manat/ton, zeytun və taxta qabıqlı badam üçün 30 manat/ton, efir yağı istehsalına verilən qızılgül üçün 100 manat/ton, biyan üçün 10 manat/ton, pivəlik arpa üçün isə 50 manat/ton subsidiya müəyyən edilib.

    Fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə beynəlxalq sertifikatların alınması da subsidiyalaşdırılacaq. Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatlar üzrə dövlət dəstəyi sertifikatın növündən asılı olaraq 7 000 manatdan 36 000 manatadək olacaq.

    Heyvandarlıqda da yeni dəstək mexanizmləri tətbiq ediləcək. 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara 1 500 manat/baş, ətlik cinslərə isə 1 000 manat/baş subsidiya veriləcək. Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara illik 500 manat/baş, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş, mələz sağmal heyvanlara isə 200 manat/baş subsidiya nəzərdə tutulub.

    Süd istehsalının artırılması üçün emal müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik və ya hər tonuna 70 manat subsidiya veriləcək. Süd kooperativlər vasitəsilə təhvil verildikdə məbləğ əlavə 20% artırılacaq.

    Diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanların yüksək çəkidə kəsiminin təşviqi məqsədilə hər kiloqram diri çəkiyə 40 qəpik subsidiya ödəniləcək. Emala təhvil verilən iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 30 qəpik/ədəd, yuna isə 30 qəpik/kq subsidiya tətbiq olunacaq.

    Balıqçılıqda isə ilk dəfə məhsul subsidiyası tətbiq ediləcək. Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə subsidiya 2 000 manat/ton, çəkikimilər və naxakimilər üzrə 600 manat/ton olacaq.

    Bundan başqa, kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlara güzəştlər genişləndirilir. Kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq olunan hissə 50%-dək artırılır. Yerli istehsal damcı suvarma sistemlərində güzəşt 60%, xarici istehsal sistemlərdə isə 50% olacaq.

    Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçiliklə məşğul olan fermerlər üçün isə subsidiya əmsalı ölkə üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.

    Yeni dövlət dəstəyi mexanizmləri 2026–2030-cu illər üzrə Dövlət Proqramının hədəflərinə uyğun olaraq müasir suvarmanın genişləndirilməsi, yüksək dəyərli məhsulların istehsalı, emal sənayesinin yerli xammalla təminatı, ixrac imkanlarının və kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.