Hikmət Hacıyev Çinin XİN müavini ilə görüşüb
Çində səfərdə olan Prezidentin köməkçisi Sun Veydonqla iqtisadiyyat, ticarət, nəqliyyat, alternativ enerjini müzakirə edib
Azərbaycan Bakı ilə Pekin arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir, “vahid Çin” siyasətini müdafiə edir və ümumi maraqlara uyğun məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonq ilə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, alternativ enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır.
Öz növbəsində S.Veydonq qeyd edib ki, Çinin Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında Çin və Azərbaycan bütün səviyyələrdə sıx əlaqələr saxlayır, “Kəmər və Yol” layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə ediblər.
“Çin dövlət başçıları arasında əldə olunmuş ümumi razılaşmalara sədaqətlə əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək, Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yaxşılaşdırmaq üçün Azərbaycanla əməkdaşlığa hazırdır" - deyə xarici işlər nazirinin müavini əlavə edib.