XƏBƏRLƏR / Qonşular

Hikmət Hacıyevlə Armen Qriqoryan Dilicanda nədən danışıblar?

Ermənistanın Baş naziri Nikol Paşinyan bügnkü brifinqdə bundan da danışıb

Hikmət Hacıyevlə Armen Qriqoryan Dilicanda nədən danışıblar?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə müşaviri Hikmət Hacıyev arasında görüşün regiondan kənarda deyil, Ermənistanın özündə keçirilməsinin vacibliyini vurğulayıb.

    "Armenpress"in məlumatına görə, Paşinyan bunu jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

    "Bu o deməkdir ki, biz sülh prosesinə doğru irəliləyirik və potensial riskləri idarə edirik", - deyə Baş nazir bildirib.

    O, görüş zamanı əsirlər və sərhəd idarəçiliyi ilə bağlı məsələlər də daxil olmaqla müxtəlif məsələlərin qaldırıldığını qeyd edib.

    "Mən Armen Qriqoryana azərbaycanlı həmkarı ilə görüşün zəruriliyini müzakirə etməyi tapşırdım. Biz vəziyyəti həll etməklə məşğuluq", - deyə Paşinyan əlavə edib və deyib ki, bütün ölkələr arasında danışıqlar mövqeləri, planları, strategiyaları və problemli məsələləri müzakirə etmək üçün nəzərdə tutulub.

    Qeyd edək ki, iyunun 14-də Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə müşaviri Hikmət Hacıyev arasında görüş keçirilib. Görüşdən sonra tərəflər birgə bəyanat yayıblar və bəyanata əsasən, danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub və birbaşa ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.