
20:48
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
Bu barədə Hindistan mediası polis mənbələrinə istinadən məlumat yayıb.
Polis qəzaya uğrayan təyyarənin göyərtəsində olan 240-dan çox insanın öldüyünü təsdiqləyib. Daha 75 nəfər təyyarənin hava limanı yaxınlığında qəzaya uğradığı yerdə ölüb.
***
19:21
Hindistanda qəzaya uğrayan “Air India” təyyarəsinin sərnişinlərindən birinin, Britaniya vətəndaşı olan şəxsin sağ qalması barədə məlumat yayılıb.
BBC xəbər verir ki, bu barədə Əhmədabad şəhərinin polis komissarı GS Malik Hindistanın ANI xəbər agentliyinə bildirib. O, təyyarədə 11A oturacağında əyləşən sərnişin Vishvaş Kumar Rameşin qəza zamanı sağ qaldığını və hazırda xəstəxanada müalicə olunduğunu qeyd edib.
Hindistan mediasının məlumatına görə, onlar xəstəxanada sağ qalan şəxs ilə əlaqə saxlayıb, o isə biletini göstərərək öz yerini təsdiqləyib.
Hindistan mediasının yaydığı xəbərə görə, Londona uçan "Air India" AI-171 reysi havaya qalxdıqdan 30 saniyə sonra qəzaya uğrayıb.
***
17:49
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə təxminən 50 nəfər xəsarət alıb.
TASS xəbər verir ki, bu barədə Qucarat ştatının Səhiyyə və Sosial Təminat Departamentinin rəis müavini Dhanancay Dvivedi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təyyarə tibb kollecinin yataqxanası, ştat xəstəxanasının işçi heyətinin binası və digər binaların yerləşdiyi yaşayış rayonuna düşüb.
"Bu rayonun sakinləri xəsarət alıblar. Təxminən 50 yaralı Əhmədabad xəstəxanalarına çatdırılıb", - rəis müavini qeyd edib.
D.Dvivedinin sözlərinə görə, bəzi yaralıların vəziyyəti stabil ağırdır.
***
15:51
Hindistanda təyyarənin həkimlərin yataqxana binasına çırpılması nəticəsində ən azı 5 nəfər ölüb.
Bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
***
15:28
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı - 242 nəfər həlak olub.
Bu barədə “News18” telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.
***
14:40
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
Bu barədə “News18” telekanalı məlumat yayıb.
***
14:24
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Bu barədə "Air India" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.
***
13:54
Hindistanın Əhmədabad hava limanı yaxınlığında "Air India" təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub. Hadisə, içərisində 232 sərnişin və 10 ekipaj üzvü olan "Air India" reysi yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.
Əhmədabadın Meqhaninagar ərazisi yaxınlığındakı Dharpurdan güclü tüstü görünüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, təcili yardım qrupları səfərbər olunur. Səlahiyyətlilər hələ də qəzanın səbəbini təsdiqləməyiblər.
Baş nazir Narendra Modi qəza ilə bağlı daxili işlər naziri Amit Şah və mülki aviasiya naziri Rammohan Naidu ilə danışıb. Baş nazir iki nazirdən Əhmədabada getməyi və zərər çəkənlərə hər cür yardım göstərilməsini təmin etməyi xahiş edib.
***
12:59
Hindistanın qərbindəki Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Bu barədə Hindistanın "News18" telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, təyyarə Londona 250 sərnişinlə uçmalı idi. Təyyarə qalxdıqdan az sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza yerindən qatı tüstü qalxır. İlkin məlumata görə, təyyarə Meqhaninaqar ərazisi yaxınlığında qəzaya uğrayıb
Hazırda məlum olanlar:
- Təyyarədə 242 sərnişin olub;
- "Air India" reysi Əhmədabaddan Londona uçurdu;
- Təyyarə "Boeing 787-8 Dreamliner" idi;
- Məlumata görə, qəza Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından qalxdıqdan dərhal sonra baş verib;
- Qəza Əhmədabadın Meqhaninaqar bölgəsində baş verib.