"II Beynəlxalq Rəsulzadə Qiraətləri" konfransı başladı
Mərasim Azərbaycan Prezidenti İlham Əliyevin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamının oxunması ilə başlayıb
Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Milli Şurasının sədri, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilən "II Beynəlxalq Rəsulzadə Qiraətləri" konfransının açılış mərasimi keçirilib.
Mərasim Azərbaycan Prezidenti İlham Əliyevin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamının oxunması ilə başlayıb.
Mərasimdə dövlət rəsmiləri, diplomatlar, Rəsulzadənin ailəsi adından onun nəvəsi Rais Rəsulzadə, jurnalistlər, ictimai xadimlər və digər şəxslər iştirak edib.
Azərbaycan Xalq artisti Alim Qasımovun səsləndirdiyi musiqinin ardından "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupunun təmsilçisi Solmaz Rüstəmova-Tohidi konfrans iştirakçılarını salamlayıb.
Daha sonra konfransın təşkilatçıları Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Varşava Universitetindən Yan Malinski, Ankara Universitetinin rektoru Necdet Ünüvar (videoçıxış) və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.
Çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, Rəsulzadənin fəaliyyətindən bəhs ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri də konfrans zamanı çıxış edib.
Konfransın açılış mərasimində həmçinin xarici araşdırmaçılara da söz verilib.