II Qarabağ müharibəsində 6 nəfər hərbçimiz itkin düşüb
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib
Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. 2020-ci ilin sentyabrında baş vermiş II Qarabağ müharibəsində isə 6 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda məlumat verib.
2008-ci ilin aprel ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında “Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi imzalanıb. Sazişin məqsədi itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Saziş imzalandıqdan sonra BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən itkinlərə aid 3600-ə yaxın sorğu anketi toplanılaraq Komissiyaya təhvil verilib.
İsmayıl Axundov onu da deyib ki, 2011-ci ildən etibarən toplanmış məlumatların elektron məlumat bazasına daxil edilməsi işi aparılıb. Bu işdə BQXK-nın mütəxəssisləri yaxından iştirak ediblər. Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı hər iki qurumda mövcud olan siyahıların dəqiqləşdirilməsi və meyit qalıqlarının eyniləşdirilməsi üçün itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işləri birlikdə icra edilib. Yuxarıda qeyd etdiyim çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlanıb. Koronovirus pandemiyası ilə bağlı bu işdə fasilə yaransa da, Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə 2021-ci ilin ortalarından etibarən DNT nümunələrin toplanması işi davam etdirilib və ötən ilin sonunda BQXK ilə birgə icra olunan bu layihə başa çatıb. Proses zamani ümumilikdə 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanaraq aidiyyəti üzrə təhvil verilib. Götürülmüş bioloji nümunələrin hamısından ötən il ərzində DNT profilləri çıxarılaraq arxivləşdirilib. Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərə aid meyit qalıqlarının molekulyar - genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirilir.
Bildirilib ki, münaqişə ilə bağlı BMT-nin məlum qətnamələrinin icra edilməməsi və Azərbaycanın suveren ərazilərinin 30 il ərzində işğalda saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib. Beynəlxalq humanitar hüquq normalarında hər bir itkin ailəsinin öz yaxını barədə məlumat almaq hüququnun təsbit edilməsinə baxmayaraq, itkin düşmüş Azərbaycan vətəndaşları barədə 30 il ərzində məlumat əldə etmək mümkün olmayıb və nəticədə həmin vətəndaşlarımız iztirab çəkiblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov onu da deyib ki, Dövlət Komissiyası fəaliyyətinin ilk dövrlərindən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.
Onun sözlərinə görə, intensiv hərbi əməliyyatların getdiyi Birinci Qarabağ müharibəsində əməkdaşlığın əsas elementi 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq əsir-girov götürülmüş hər iki tərəfə aid şəxslərə saxlanma yerlərində baş çəkilməsi, ailə əlaqələrinin təmin edilməsi, xəstə və yaralıların müalicəsinə köməklik göstərilməsi və repatriasiyasının (tərəflərə təhvil verilməsi) təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi işinin təşkilindən ibarət olub. "Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib. Qarşı tərəfə isə Qarabağ müharibəsində 500 nəfərdən çox, Il Qarabağ müharibəsindən sonra keçən müddət ərzində 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib. Eyni zamanda, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib. Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”, - deyə İsmayıl Axundov vurğulayıb.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir təşkil edilir.