BLOQ

İki qartal

Orxan Camalın - Azərbaycan əsili rusiyalı jurnalist və ictimai xadimin anım günüdür...

İki qartal
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, şuşalı rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

    Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.

    31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.

    7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib. Cənazə namazını Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qılıb. Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.

    ***

    Bu beş ildir ki, Orxan Camalsızam. 


    Biz onunla bir jurnalist kimi çox ciddi cinayətlərin üstünü açardıq...


    Qatillərin izinə düşməkdə rəqibimiz yoxdu...

    Bir dəfə biz dünyadakı bütün aviaqəzaları yaxşıca öyrəndik. Gördük ki, qəzaların təbii səbəbləri sonradan komissiya üzvləri tərəfindən yaxşıca öyrənilir. Sonra bu təcrübə süni şəkildə təkrarlanır. Düşmən təyyarələrinin düşürülməyinə xidmət edir. Qəza bu dəfə təbii kimi göstərilir...

    Keçək detallara. 1981-ci ilin 7 fevralında Leninqrad-Vladivostok marşrutu ilə uçan TU-10A təyyarəsinin qəzası nəticəsində SSRİ-nin 16 dəniz admiralı və genaralı, 12 üst zabiti həlak olmuşdu. Səbəb gülməli idi -təyyarənin yüklüyünə ağır tonnajlı qəzet rulonu qoyulubmuş. Uçuş zamanı o yerindən oynamış, aerodinamika qanunlarını pozaraq təyyarəni qəzaya uğratmışdı. Qəza bütün Sakit Okean donanmasını başsız qoymuşdu.

    Sonralar, çox sonralar biz Orxanla bu cinayətin izinə düşdük. Oxşar hadisəni Qərbdə tapdıq. Orada da 50-60 il öncə belə oxşar qəza baş vermiş, orada da bir ağır qazet rulonu yerindən tərpənərək təyyarəni qəzaya uğratmışdı...

    Qəzanın səbəblərini aydınlaşdıran komissiya üzvlərindən biri sonradan bundan silah kimi istifadə etməyi təklif edir.

    Təcrübə sonradan 1981-ci ildə həyata keçirilir. Təbii texnogen qəza ssenarisi dönür təxribat əmləiyyatına...

    Orxanla biz bu qəzanı qəşəng tədqiq etmişdik. Bax, beləsinə deyərəm əsl jurnalist...

    Sənsiz mənə çətindir, Orxan...

    ***

    Orxan Camala həsr olunur:

    Son balet

    Neylon paket, qalxıb

    quşlardan da

    yüksəyə uçdu.

    İndi neynək, odu...

    odu,

    səmalarımızın dəli qaranquşu.

    İçinə özünü qoyub

    bükdün göylərin ovcunu.

    Hə, budu... budu

    qismətimdəki

    qu quşlarının son baleti,

    son oyunu.

    Bu qədərmi cılızlaşıb

    Zəmanəmizin Simurq quşu?

    Tamaşanın quruluşçu rejissorunu

    inan, bağrıma basardım,

    Göz açınca, görərdim qarşımdadı

    Axillesin qanlı topuğu.

    Bəlkə dirilib üstümə gəlir

    uşaqkən qovub çərlətdiyim sərçənin

    qara tabutu?

    Orxan Camalın Afrikadan gələn

    narahat ruhu?

    Özüm duydum,

    Soyumurdu, dəmir tabutundakı Afrikanın

    həm cəhənnəm, həm Prometey alovu.

    Mənlə çərpələng uçurdan

    yeganə insan səndin,

    Nooldu birdən səndələndin?

    Çərpələngimizin ipini Afrikanın

    ən quru ağacına düyünləyib

    yerə sərildin...

    Kremlin aşpazına,

    əclafların keçəl başına

    dünyanın ən çopur daşına

    çırpıldın birdən-birə...

    bilə-bilə, gülə-gülə

    Getdin dünya hannibalizminin

    düz göbəyinə.

    Göydə bədirli Ayı,

    yerdə, ağ kəlağayı...

    mənim kimi solaxayı

    tənhalıqda qoyub getdin.

    Dedin,

    ulduzlar parlaqdı orda...

    Cəsədini çaqqallarla qatillər birgə gəmirdi

    son kadrda.