12:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.


Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd etdi.
Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirdi.
Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulandı.
Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu.
Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edildi.
***
12:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi və Azərbaycan dilində dedi: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək perspektivdə onların sayının artmasının önəminə toxundu.

Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini dedi.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlandı.
4 dəqiqə