XƏBƏRLƏR / Rəsmi

İlham Əliyevin Pekində görüşləri

YENİLƏNİB

İlham Əliyevin Pekində görüşləri
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 13:12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.

    Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd edib. Bildirib ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını deyib.

    Prezident İlham Əliyev də öz növbəsində vurğulayıb ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

    Dövlətimizin başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini deyib.

    Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırılıb, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edilib.

    Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığının, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

    Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunulub, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olunub, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulanıb.

    ***

    12:40

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.



    Görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb. Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunulub, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib. Qeyd olunub ki, münasibətlərimiz qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.

    Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib.

    Dövlətimizin başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.

    Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edilib. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub.

    BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulanıb. Dövlətimizin başçısı bu xüsusda deyib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.

    Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlanıb. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulanıb.

    Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxunub və bu marşrut üzrə daşımaların artmasını qeyd edib.

    Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub.

    Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edilib, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib.

    Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib. Li Çianq qeyd edib ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.

    Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunulub, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

    Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.

    Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olunub.