XƏBƏRLƏR / Rəsmi

İlham Əliyevin Davosda görüşləri davam edir FOTO/YENİLƏNİR

Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib

İlham Əliyevin Davosda görüşləri davam edir FOTO/YENİLƏNİR
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 21:22

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”-un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

    Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.

    ***

    17:23

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

    Söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

    Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

    Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

    ***

    15:48

    Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.

    Dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.

    Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu dedi. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.

    Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.

    Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.

    ***

    14:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

    Söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlandı, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulandı.

    Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunuldu. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edildi.

    ***

    13:58

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

    Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

    Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

    Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlandı.

    Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

    ***

    11:50

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

    Sonra dövlətimizin başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

    ***

    10:20

    Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

    İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirildi.

    ***

    21:10
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

    Söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.

    Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.

    Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


    ***

    20:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

    Söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

    Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.

    Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

    ***

    20:18
    Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda Braziliyanın aparıcı investisiya bankçılığı və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan BTG Pactual şirkətinin sədri Andre Esteves ilə görüşüb.