XƏBƏRLƏR / Rəsmi

İnam Kərimov Ali Məhkəmənin sədri təyin edildi

Azərbaycan Respublikası Prezidenti bu gün Sərəncam imzalayıb

İnam Kərimov Ali Məhkəmənin sədri təyin edildi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

    Digər sərəncamla, İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

    Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib. 

    Qeyd edək ki, İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

    İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

    İngilis, fransız, rus və fars dillərini bilir.

    Ailəlidir, 2 övladı var.