XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Davosda görüşlər keçirib FOTO

Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb

İlham Əliyev Davosda görüşlər keçirib FOTO
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub. Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.

    Görüşdə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırladıb, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd edib. Prezident Gitanas Nauseda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib. Səfərə dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

    Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

    Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edilib.

    Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu vurğulanıb. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edilib.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib.

    Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd edib, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirib. Qeyd edilib ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

    “Signify” şirkətinin baş icraçı direktoru diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.

    Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verib. Bildirilib ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

    Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd edib və “Signify” şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

    ***

    Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

    Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    ***

    Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

    Görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.

    “The Goldman Sachs Group Inc.” şirkəti ABŞ-ın mənzil-qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq sərmayə bankı və maliyyə xidmətləri şirkətidir. 70-dən çox ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.