İlham Əliyev görüşlər keçirib YENİLƏNİB
Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir
18:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğulayıb.
Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını deyib.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırıb və onun uğurla başa çatacağına əminliyini bildirib.
Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirlməsi üçün əlavə potensialın olduğunu qeyd edib və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət edib.
Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirib, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını deyib.
Söhbət zamanı ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
***
18:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edilib.
***
17:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.
Qonaq qeyd edib ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini deyib ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğulayıb.
Çin Xalq Respublikası Baş nazirinin müavini bildirib ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğulayıb.
Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edilib, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirilib. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırılıb.
Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulanıb.
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunulub, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirilib və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olunub. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirilib.
Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub.
***
17:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.
Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.
Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.
Beləliklə, bir daha xoş gəlmisiniz.
***
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin deyib:
- Hörmətli İlham Heydər oğlu, sağ olun.
Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.
Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.
Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.
İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.
Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Mənim də ən xoş arzularımı və salamlarımı Vladimir Vladimiroviçə çatdırın.
Mixail Mişustin: Sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
***
17:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğulayıb ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğulayıb.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunulub, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edilib.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunulub, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
***
17:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkür edib, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün nümayəndə heyətlərinin səfərləri məsələsinə toxunulub.
***
16:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd edib ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.
Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti deyib ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd edib.
Dövlətimizin başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirib, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini deyib.
Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd edib. Bu təcrübənin Ruandada da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirib.
Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olunub, birgə işçi qrupunun yaradılması razılaşdırılıb.
Ruanda Prezidenti qeyd edib ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.
***
15:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini deyib.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirib və özünün Pakistana səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulanıb.
***
15:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırlayıb.
Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olunub. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Dövlətimizin başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulanıb. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirilib. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunulub. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edilib.
***
15:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.
Dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirib.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, təhsil, kənd təsərrüratı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.