İ.Əliyev Qarabağın bərpasına yardım edən ölkələrdən danışıb
IV Şuşa Qlobal Media Forumu keçirilir YENİLƏNİR/ BİRBAŞA
11:47
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq münasibətləri bu əlaqələri daha da yüksək səviyyəyə qaldırıb.
Bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"Onu da bildirməliyəm ki, Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Özbəkistan Prezidenti olub. Füzulidə Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilib və biz ikimiz o məktəbin açılışını etmişik. Ondan sonra digər qardaş dövlətlər – Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr bizə hədiyyələr etmişdir", - prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Özbəkistanda olanda xalqlar arasındakı yaxınlığa və bağa şahid olur:
"Mən orada yazılara baxanda görürəm ki, heç bir tərcüməyə ehtiyac yoxdur, dillərimiz də bir-birinə bənzəyir, tələffüzdə fərq var, amma hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritetlərdən biridir".
İlham Əliyev əlavə edib ki, Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi olan tikiş fabriki də Özbəkistan sərmayesi ilə açılıb:
"Bir çox iqtisadi-sənaye layihələri icra edirik, biz birgə sərmayə fondu yaratmışıq ki, bu fondun dəyəri 500 milyon dollar dəyərindədir. Bu fond həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağında sərmayə qoyur, ümid edirəm ki, yaxın gələcəkdə müjdəli, xoş xəbər alacağıq. Çünki bu gün enerji təhlükəsizliyi, xüsusilə, qaz təchizatı bir çox ölkə üçün önəmlidir, ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq".
Prezident əlavə edib ki, Azərbaycan-Mərkəzi Asiya formatında Prezident Mirziyoyevin müstəsna xidmtələri və xüsusi rolu var.
"Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu, iki dəfə fəxri qonaq qismində qoşulmuşam, son dəfəsində isə artıq Azərbaycan Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılmışdı, bu bizi çox qürurlandırır, sevindirir. Bu çox unikal hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma mədəni, tarixi, etnik və siyasi əlaqələr o qədər güclü və çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki Mərkəzi Asiya Azərbaycanla vahid iqtisadi və siyasi məkanda birləşir, eyni zamanda, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var", - İlham Əliyev vurğulayıb.
Prezident bildirib ki, bütün bunların reallaşmasında Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi rol oynayıb:
"Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər səfərimdə yenilikləri görəndə çox sevinirəm, bilirəm ki, qardaş özbək xalqı və dövləti Prezident Mirziyoyevin rəhbərliyi ilə uğur və inamla irəliləyir".
***
11:40
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – ANS Press) danışıb və qonşu ölkələrə səslənib.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.
Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.
***
11:10
Onlar (ABŞ rəhbərliyi - ANS Press) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.
Bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

“Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır. Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
***
10:47
Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.
Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib:

"Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiq edirəm ki, münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqi olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub, Ukrayna xalqı və hökuməti təbii ki buna razı olmadı".
İlham Əliyev öz qiymətləndirmələrinə əsasən deyib:
"Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və bu mənim insani mövqeyimdir".
Prezident bu konteksdə Azərbaycanı misal çəkib.

"Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək. Mən daxil Azərbaycanda heç kəs buna razı ola bilməzdi, amma bu dünyanın üç aparıcı ölkəsinin (Minsk qrupu –ANS Press) birgə mövqeyi idi. Onlar BMT TŞ daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdilər. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik, mən XİN rəhbərini Moskvaya, Vaşinqtona, Avropaya çoxsaylı görüşlərə göndərirdim. Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyün bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz".
***
10:33
İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirmişdir. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir.
Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
Dövlətimizin başçısı bildirib: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik”.
***
10:24
Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq.
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
***
10:17
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı”. Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, düzəliş (907-ci –ANS Press) tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir.
***
09:15
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.
BİRBAŞA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
11 dəqiqə