İlham Əliyev Kazan şəhərindədir FOTO / YENİLƏNİR
Azərbaycan Prezidenti Rusiyada ikitərəfli görüşlər keçirir
22:45
Oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.
***
17:35
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.
Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulayıb. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu deyib və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.
***
17:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.
Thonqlun Sisulit dövlətimizin başçısını Laosa səfərə dəvət edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.
***
16:27
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.
Milorad Dodik Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş edib.
Milorad Dodik Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb.
“Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət də ola bilməz”, - deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla inkişaf etməsini məmnunluqla qeyd edib.
O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd edib və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğulayıb.
Prezident İlham Əliyev həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı Bosniya və Herseqovinaya səfərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev enerji, nəqliyyat infrastrukturu və investisiyalar sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
***
16:02
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.
German Qref rəhbərlik etdiyi bankın həyata keçirdiyi işlər, o cümlədən bankın maliyyə sektoru ilə yanaşı, rəqəmsallaşma həlləri vasitəsilə səhiyyə, sosial, təhsil və digər sahələrlə bağlı fəaliyyəti barədə dövlət başçısına ətraflı məlumat verib. O, Azərbaycanın sürətli iqtisadi yüksəlişini və sosial inkişaf meyillərini xüsusi qeyd edib.
Görüşdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
***
13:22
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Dövlətimizin başçısını salamlayan Rüstəm Minnixanov deyib:
- İlham Heydər oğlu, fürsətdən istifadə edərək Rusiya-Azərbaycan münasibətləri çərçivəsində respublikamıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk və əlbəttə ki, bizim Prezidentin belə bir dövlət səfərini həyata keçirdiyinə görə fəxr edirik. Həmin səfəri çox yaxşı işıqlandırdılar. Bu yaxınlarda Siz bizim rəhbəri təbrik etdiniz, çoxlu işgüzar məsələ var idi. BRICS-i bizə etibar ediblər. Vaxt tapıb gəlməyiniz və iştirak etməyiniz bizim üçün böyük şərəfdir. İcazə versəniz, həmkarlarımızla gördüyümüz işlərlə bağlı bəzi məsələləri məruzə etmək istərdim.
Prezident İlham Əliyev deyib:
- Rüstəm Nurqaliyeviç, sağ olun. Bir daha qardaş torpaqda olmağıma şadam. İlk növbədə, Sizi və Tatarıstan Respublikasının bütün sakinlərini BRICS sammitinin, həmçinin BRICS+ tədbirinin keçirilməsi münasibətilə təbrik etmək istərdim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya, şəxsən Sizə, Tatarıstan vətəndaşlarına xüsusi münasibətinin təzahürüdür, həmçinin Tatarıstanın Sizin rəhbərliyinizlə nail olduğu potensialın göstəricisidir. Çünki belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət başçılarının ikitərəfli görüşlərinin təşkili üçün resursların, infrastrukturun, o cümlədən mehmanxana şəbəkəsinin olmasını tələb edir. Ona görə də əvvəlcədən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, sammit ən yüksək səviyyədə keçiriləcək.
Əlbəttə, Tatarıstan ilə Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir. Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük. Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər. Zənnimcə, yaxın vaxtlarda yaxşı nəticələrin şahidi olacağıq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi çatdırmaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm.
Rəis Rüstəm Minnixanov: Sağ olun. Biz həm işgüzar, həm də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri qiymətləndirdik və onlara heyran olduq. Mən hələ Bakını demirəm. Bakı bizim üçün işləri necə təşkil etmək, təcrübə toplamaq baxımından özlüyündə bir örnəkdir. Bizim artıq ziyarət etdiyimiz turistik dağ-xizək mərkəzi isə, əlbəttə, hamımızı valeh etdi. Bunun üçün Sizə çox sağ olun deyirik.
Prezident İlham Əliyev: Gələ bilərsiniz. Elə mövsüm də yenicə başlayır, gəlin. Yeri gəlmişkən, artıq ilk qar yağıb.
Rəis Rüstəm Minnixanov: Biz Sizin pərəstişkarınızıq.
Prezident İlham Əliyev: Sağ olun. Belə bir sürpriz haqqında təyyarədə öyrəndim. Sağ olun.
Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oxunub: “Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.
Rəis Rüstəm Minnixanov: Bu, “Sollers” şirkətidir.
Prezident İlham Əliyev: Bilirik.
Rəis Rüstəm Minnixanov: Həmin avtomobillərdən ən yaxşı yerlərdə istifadə etmək üçün xahiş etmişdik.
Prezident İlham Əliyev: Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz hədiyyələri elə Sizin olduğunuz həmin bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm.
***
12:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.
Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.
Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.