XƏBƏRLƏR / COP29

İlham Əliyev COP29-a gələn ali qonaqlarla görüşüb

YENİLƏNİB

İlham Əliyev COP29-a gələn ali qonaqlarla görüşüb
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 16:52

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

    Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

    Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunulub, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olunub.

    Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məshələtləşmələrin aparılması məsələlərinə toxunulub.

    ***

    16:36

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.

    Dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirib.

    İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu deyib.

    Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edib.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edib.

    O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirib.

    Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirilib, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulanıb, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edilib. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

    İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olunub və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunulub.

    Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər isitiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirilib.

    ***

    16:14

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

    San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxunub.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

    O, Zəfər bayramı münasibətilə təbriklərini çatdır;b, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd edib.

    Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

    Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd edib ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.

    San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğulayıb.

    COP29-un səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, kiçik ada dövlətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək. Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın "Azərkosmos" vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.

    Söhbət zamanı ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

    Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olacağını diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulanıb.

    ***

    15:55

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.

    Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirib və vurğulayıb ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirib.

    Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğulayıb. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd edib və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, COP-a sədrliyin asan olmadığını deyib, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğulayıb.

    Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirilib, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edilib.

    Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırıb.

    Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliləyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olunub.

    Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.