XƏBƏRLƏR / Qayıdış

İlham Əliyev və birinci xanım Tərtər rayonundadır

Bu barədə rəsmi "prezident.az" sayı xəbər verib

İlham Əliyev və birinci xanım Tərtər rayonundadır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:55

    Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

    “Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. 

    Dövlətimizin başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib. 

    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. 

    Dövlətimizin başçısı, birinci xanım və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanış olublar. 

    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.  

    Sonra dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. 

    Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.