Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Festivalın ikinci günü Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti ilə başlayıb
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı davam edir.
Festivalın ikinci günü Xan qızı Natəvanın Sarayı qarşısında Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti ilə başlayıb. Tizwit” və “Almazyood” musiqi qrupları açıq səma altında quraşdırılmış səhnədə yaddaqalan musiqi nömrələri təqdim ediblər. Onların təqdimatında nümayiş olunan rəqslərdə və təqdim edilən ifalarda özlərinə məxsus milli adət-ənənələr, folklor nümunələri və müasir rəqs üslubları yer alıb. Çıxışlar alqışlarla qarşılanıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.
Xatırladaq ki, festival mayın 13-də Laçında konsert proqramları ilə davam edəcək. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələrdən olan musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfəsini verir.